Lean UX Canvas modeli

Aytaj Huseynli
2 min readMay 22, 2024

Bu metod Jeff Gothelf tərəfindən yaradılmış, maraqlı tərəflərin (stakeholders) bir araya gələrək məhsulu anlamaq, müştəri ehtiyaclarını daha yaxşı başa düşmək, mövcud problemləri müzakirə etmək və birgə yaradıcı həllər tapmaq üçün istifadə edilir.
Lean UX Canvas çevikliyi, əməkdaşlığı və istifadəçi mərkəzliyini vurğulayaraq, komandanın istifadəçilər üçün ən uyğun məhsulu yaratmasını təmin edir.

Lean UX Canvas metodunun aşağıdakı üstünlükləri vardır :

Əməkdaşlıq və ünsiyyət: Məhsulun inkişafı prosesinə təsiri olan bütün maraqlı tərəfləri (stakeholder) bir araya gətirir. Üzvlərinin fikir və ideyalarını ifadə etmələrini asanlaşdırır.

İstifadəçi Mərkəzli Dizayn: İstifadəçilərin ehtiyaclarını, üstünlüklərini və davranışlarını prioritetləşdirir. Bunlar əsasən, istifadəçi araşdırması (user research), istifadəyə yararlılıq testi (usability testing) və davamlı rəy toplama (continuous feedback) yolu ilə əldə edilir.

Riskin azaldılması: Prosesin əvvəlində fərziyyələri müəyyən etmək və sınaqdan keçirməklə məhsulun inkişafı ilə bağlı riskləri azaltmağa kömək edir. Yanlış məhsul yaratmaq ehtimalını azaldaraq, investisiya etməzdən əvvəl problemlərin qarşısını alır.

Davamlı öyrənmə və yenilənmə: İstifadəçi rəyləri və metriklər əsasında məhsulu ardıcıl olaraq təkminləşdirir. Komandaları daima test etməyə, öyrənməyə və təkrar etməyə təşviq edir.

Nəticələrin ölçülməsi: Məhsula yeni bir funksionallıq əlavə etdikdə, bu funksionallığın istifadəçilər üzərindəki təsirlərini ölçmək üçün konkret məqsədlər qoyulur. Bu məqsədlər, məhsulun performansını qiymətləndirmək üçün istifadə olunan müəyyən ölçülər və vaxt çərçivələri təyin edir. Bu nəticələr, məhsulun gələcək inkişafı və məhsulun nəzərdə tutulan məqsədlərinə çatıb çatmadığını qiymətləndirmək üçün istifadə olunur.

Lean UX Canvas metodundan istifadə edilərək qurulan cədvəl növü :

  1. Problemi müəyyənləşdirin: Məhsulunuzun və ya xidmətiniz hansı problemləri həll etmək istəyir? Bu problem nə qədər aktualdır?” kimi suallara cavab tapmağa çalışın.
  2. İstifadəçiləri və Müştəriləri Müəyyən edin: Hədəf kütlənizi təyin edin. Xidmət və ya məsulunuzu kimlərin aldığını dəqiqləşdirin.
  3. İstifadəçi nəticələrini müəyyən edin: Məhsul və ya xidmətinizin düzgün işlədiyini və işinizin uğur qazandığını müəyyən etmək üçün hansı göstəricilərdən istifadə edə bilərsiniz? Onların nə üçün sizin məhsuldan istifadə etdiklərini metriklər vasitəsi ilə müəyyənləşdirin.
  4. Beyin fırtınası edin: İstifadəçilərə istədikləri nəticələri əldə etməyə kömək edə biləcək potensial həllər və ya funksionallıqlar düşünün.
  5. Fərziyyələr qurun: Həllərinizə əsaslanaraq fərziyyələr formalaşdırın. Bunlar sizin doğru olduğuna inandığınız və təcrübə vasitəsilə sınaqdan keçirəcəyiniz fərziyyələrdir. məsələn: “Biz inanırıq ki, [bu təcrübəni] [bu qədər müddətə] [bu persona] üçün yaratsaq, onlar [bu faydanı] əldə edəcəklər.”
  6. Planlaşdırın: Fərziyyələrinizi və ehtimallarınızı yoxlamaq üçün dizayn mühiti hazırlayın. Nəyi ölçəcəyinizi və məlumatları necə toplayıb təhlil edəcəyinizi göstərin.
  7. Metriklərə qərar verin: Məhsulun uğurunu ölçmək üçün istifadə ediləcək əsas performans göstəricilərini (KPI) və ya ölçüləri müəyyənləşdirin. Bunlar kəmiyyətlə ölçülə bilən, birbaşa istifadəçinin nəticələri və biznes məqsədlərinə bağlı olmalıdır.
  8. Nəzərdən keçirin və təkrarlayın: Canvasın bütün bölmələri doldurulduqdan sonra, boşluqları və ya uyğunsuzluqları müəyyən etmək üçün komanda olaraq yenidən nəzərdən keçirin. Canvasdan canlı sənəd kimi istifadə edin, onu davamlı yeniləyin və təkminləşdirin.

--

--